Batumi–Sarpi sürətli avtomobil yolunun tikintisinə başlanılır – ƏTRAFLI

69

“Şərq–Qərb” Beynəlxalq sürətli avtomobil yolunun sonuncu hissəsi – Batumi–Sarpi dolama yolunun tikintisinə yaxın vaxtlarda start veriləcək. Qafqaztürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları İdarəsi məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində Çoroxi çayı üzərində 7,6 kilometrlik tunel və 1,47 kilometrlik körpüdən ibarət ümumilikdə 11 kilometrlik, ikizolaqlı yeni magistral yol inşa ediləcək. Yeni hissə Batumi dolama yolundan başlayaraq Türkiyə ilə sərhəddəki Sarpi keçid məntəqəsinə qədər uzanacaq.

İdarənin açıqlamasında bildirilib ki, yeni magistral hissə Xelvaçauridən Sarpiyə gediş vaxtını 25–30 dəqiqə, məsafəni isə 8 kilometr azaldacaq. Yol müasir hərəkət təhlükəsizliyi standartlarına uyğun şəkildə tikiləcək və işıqlandırma sistemi ilə təchiz olunacaq.

Layihə Asiya İnkişaf Bankının (AİB) krediti və Gürcüstan dövlət büdcəsinin birgə maliyyəsi hesabına həyata keçiriləcək. Bununla bağlı dünən Gürcüstanın maliyyə naziri Laşa XutişviliAİB-in Gürcüstandakı Daimi Nümayəndəliyinin direktoru Lesli Bearman Lam arasında kredit sazişi imzalanıb.

Razılaşmaya əsasən, AİB layihə üçün 306 milyon avro məbləğində kredit ayırıb. Ümumi tikinti dəyəri 620 milyon lari təşkil edir. Onun 35 milyon lari 2025-ci ildə, 185 milyon lari 2026-cı ildə, 200 milyon lari isə 2027 və 2028-ci illərdə xərclənəcək.

Yeni avtomobil yolunun 2028-ci ildə istismara verilməsi planlaşdırılır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ermənistan Xarici İşlər Nazirliyində Avropaya inteqrasiya departamenti yaradılır
Öncəki yazı
Ermənistan yeni addım atdı, baş nazirin qərarı ilə…