Mayın 10-da Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Şota Rustaveli adına Batumi Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun verdiyi məlumata görə, tədbirdə Batumi Dövlət Universitetinin rəhbərliyi, müvafiq struktur rəhbərləri, professor-müəllim heyəti, Azərbaycan icmasının nümayəndələri və tələbələr iştirak ediblər. Baş konsul Fuad Əzizov çıxış edərək Ulu Öndərin istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu zaman ölkə və xalqı qarşısındakı müstəsna xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasi kurs dövlətin gerçək müstəqilliyini təmin edib. Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatmışdı. 1993-cü ilin iyununda dahi siyasi xadim Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkədə xaotik proseslərin qarşısı alındı – ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır.
Azərbaycan icmasının fəal üzvü Ruslan Həmidov Ümummilli Lider Heydər Əliyevlə birgə çalışmış babasının xatirələrini bölüşüb və qeyd edib ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.
Batumi Dövlət Universitetinin professor və müəllimləri, tələbələr çıxışlarında qeyd ediblər ki, hər bir xalqın tarixi onun yetirdiyi görkəmli şəxslərin fəaliyyəti ilə sıx bağlıdır. Tarix bəzən elə nəhəng simalar yetişdirir ki, xalq onları özünün idealı, iftixar mənbəyi, əbədi lideri kimi qəbul edir. Belə fenomenal şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Heydər Əliyev elə nadir liderlərdəndir ki, öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sistem şəraitində uğurla rəhbərlik edib, hər iki dövrdə xalqın dərin hörmətini, etimadını və dəstəyini qazana bilib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında, nüfuzunun möhkəmlənməsində Heydər Əliyevin önəmli rolu qeyd olunub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin qurulmasında və inkişafında xidmətləri qeyd olunaraq, onun nəinki Azərbaycan xalqının, dost ölkə xalqlarının da taleyində xüsusi yerinin olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasında, iqtisadi potensialının gücləndirilməsində, ölkənin regionda və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müdrik siyasəti önəmli rol oynayıb.
Heydər Əliyevin Gürcüstan-Azərbaycan əlaqələrində oynadığı rolu xüsusi qeyd olunub. Bildirilib ki, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz dünyaşöhrətli siyasi və dövlət xadimi, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamıdır.