Yoxsulluğun aradan qaldırılması bizim iki mühüm milli vəzifəmizdən biridir: ilki ərazi bütövlüyünün bərpası, digəri isə yoxsulluğun aradan qaldırılmasıdır.
QafqazTürk Media xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze brifinqdə bildirib.
Kobaxidzenin sözlərinə görə , “Gürcü arzusu” hakimiyyətə gələndə yoxsulluq səviyyəsi 30% təşkil edirdi ki, bu da hesablamalara görə, 1 milyon 120 min nəfərin yoxsulluq həddindən aşağı yaşaması deməkdir.
“Ötən ilin məlumatına görə, həmvətənlərimizin 11,8 faizi yoxsulluq həddində yaşayır, bu da 440 min nəfər deməkdir. Bu, 2012-ci ildən bəri 680 min insanın yoxsulluqdan çıxması deməkdir. Lakin bizim üçün bu göstərici də qənaətbəxş deyil. Əgər 440 min soydaşımız yoxsulluq həddində yaşayırsa, demək görüləsi işlər daha çoxdur. Bununla belə, bu il yoxsulluq səviyyəsində ciddi azalma gözləyirik. Ümid edirik ki, ilin sonuna qədər yoxsulluq səviyyəsi birrəqəmli rəqəmə düşəcək və biz bu tempdə davam etməliyik,” – baş nazir qeyd edib.