Banqladeşdə hökumət əleyhinə nümayişlər zamanı azı 300 nəfər ölüb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Banqladeşin polis və xəstəxana rəhbərliyi məlumat yayıb.
Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində polislə etirazçılar arasında toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.
Qeyd olunur ki, etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər. Hökumət Dəkkə və ölkənin digər böyük şəhərlərində yerli vaxtla saat 18.00-dan növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq edib.
Məlumat üçün bildirək ki, iyul ayının əvvəlində etirazçılar Banqladeşin bir neçə şəhərində küçələrə çıxaraq 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş kvotalarının ləğvini tələb ediblər. Respublikada vəziyyət tədricən gərginləşib və etirazlar 250-dən çox insanın ölümü ilə nəticələnən iğtişaşlara çevrilib.