Bakı və Tbilisi pilotsuz uçuş aparatları sahəsində təcrübə mübadiləsi aparıb – ƏTRAFLI

112

Bakı və Tbilisi pilotsuz uçuş aparatları sahəsində təcrübə mübadiləsi aparıb

Azərbaycan Müdafiə Nazirliyi Gürcüstan nümayəndə heyətinin Bakıya səfəri və tərəflər arasında pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi sahəsində təcrübə mübadiləsi aparılması barədə məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, görüş “Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq” keçirilib.

Bildirilib ki, gürcü nümayəndə heyətinə Azərbaycan Ordusunda PUA-ların istismarı, döyüş əməliyyatlarında istifadəsi, uçuşların idarə olunması və bu sahədəki inkişaf tendensiyaları barədə ətraflı məlumat verilib. Görüşün sonunda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Hərbi ekspertlərin fikrincə, 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın qələbəsində PUA-ların, xüsusilə də Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” dronlarının mühüm rolu olub.

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyi Bakıda keçirilən görüşlə bağlı məlumat yaymayıb. Gürcü tərəfi yalnız Azərbaycan nümayəndə heyətinin Tbilisiyə səfəri barədə açıqlama verib. Bu səfər çərçivəsində tərəflər kibertəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneuli bələdiyyəsinin Qaçağan kəndində, Şuşa restoranının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Öncəki yazı
Qldani adına №8 cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Davit Qoqoberişvili dünyasını dəyişib – DETALLAR