Azərbaycanın 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat verub. 2023-cü ilin eyni dövründə Gürcüstandan Azərbaycana 7,5 milyon ABŞ dolları həcmində investisiya geri qaytarılıb.
Birinci rübdə Gürcüstana birbaşa xarici investisiyalarının ümumi həcmində Azərbaycanın payı 6 % təşkil edib.
Bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 201,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 % azdır.
Birinci rübdə Gürcüstana birbaşa investisiyaların həcminə görə 21 % xüsusi çəki ilə Türkiyə (42,4 milyon ABŞ dolları) lider olub. Onu Çexiya 41,5 milyon ABŞ dolları (20,6 %) investisiyaları və ABŞ (33,7 milyon ABŞ dolları, 16,7 %) izləyib.
Hesabat dövründə birbaşa xarici investisiyaların ən böyük həcmi Gürcüstanın enerji sektoruna yatırılıb – 78,7 milyon ABŞ dolları və ya ümumi həcmin 39,1 %-i (2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 21,5 % çox). İkinci yerdə ticarət sektoru – 39,5 milyon ABŞ dolları və ya 19,6 % (56,4 % az), üçüncü yerdə nəqliyyat – 38,8 milyon ABŞ dolları və ya 19,3 % (10,4 % az) qərarlaşıb.
2023-cü ildə Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 24 % azalaraq 1,6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 53,6 milyon ABŞ dolları Azərbaycan investisiyalarıdır.