“Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922): Diplomatik missiyaların fəaliyyəti” kitabının təqdimatı keçirilib

39

“Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922): Diplomatik missiyaların fəaliyyəti” kitabının təqdimatı keçirilib.

Beynəlxalq təşkilatın aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacıyevin müəllifi olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı monoqrafiyanın təqdimat mərasimi baş tutub.

QafqazTürk Media xəbər verir ki, tədbir Azərbaycan diplomatik xidmət əməkdaşlarının peşə bayramına həsr olunub. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri, diplomatik nümayəndəliklərin üzvləri və tanınmış alimlər iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova fondun həyata keçirdiyi layihələr barədə məlumat verərək, gənclərlə bağlı təşəbbüsləri və gələcək planları diqqətə çatdırıb. O, təqdim edilən kitabın sadəcə tarixi tədqiqat yox, həm də xalqlar arasında mədəni əlaqələrin güclənməsinə xidmət etdiyini vurğulayıb.

Kitabın müəllifi Fəxri Valehoğlu-Hacıyev çıxışında qeyd edib ki, əsər Azərbaycan Xalq Cümhuriyyəti və sonrakı dövrdə diplomatik nümayəndəliklərin fəaliyyətinə işıq tutur. O, tədqiqatda əsasən arxiv materialları və həmin dövrün mətbuatına əsaslanıldığını bildirib və bu sahədə gələcək araşdırmaların kitab seriyası şəklində nəşr olunacağını qeyd edib.

Təqdimatda çıxış edən elm və dövlət nümayəndələri – professor Kərim Şükürov, akademik Şahin Mustafayev, millət vəkili Rizvan Nəbiyev, səfir Qismət Gözəlov və digərləri monoqrafiyanı yüksək qiymətləndirib, onun tarixşünaslıq və diplomatik irs üçün əhəmiyyətini vurğulayıblar. Eyni zamanda bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyi qeyd olunub.

Sonrakı yazı
Srebrenitsa qətliamından 30 il ötür
Öncəki yazı
Motosiklet sürücüsü yol qəzasının qurbanı olub, bir nəfər isə…