This is a specific ad

Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 3 il ötür

31

Another advertisement

Bu gün Vətən müharibəsinin başlamasından üç il ötür.

QafqazTürk.com xatırladır ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edib. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanıb və İkinci Qarabağ müharibəsinə çevrilib.

Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikal əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr – Zəfər günü kimi təsis edilib. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Bundan başqa, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Eyni zamanda, bu ilin aprelin 23-də Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən Azərbaycan torpaqlarında dalğalandırmış, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ərdoğan: “Ümid edirik ki, Ermənistan kənar təxribatlara boyun əyməyəcək”
Öncəki yazı
Qazaxıstanda yeni Uşaq pulu layihəsi