Azərbaycanda ilk dəfə “Meymun çiçəyi”nə yoluxma halı qeydə alınıb və xəstə xəstəxanaya yerləşdirilib.
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın 2-dən 11-dək xaricdə turist səfərində olub. Qayıdandan bir neçə gün sonra o, halsızlıqdan, qızdırmadan, cinsiyyət orqanında qabarıq səpgilərdən, limfa düyünlərinin böyüməsindən, əzələ ağrılarından şikayət edərək Bakıdakı klinikaya müraciət edib.
“Xəstənin meymunçiçəyi virusuna yoluxmasından şübhələnən infeksionist anamnez zamanı xəstənin səyahət zamanı səpgisi olan şəxslə təması olduğunu aşkar edib. Simptomların olması laboratoriya analizinin aparılması üçün əsas oldu. PZR testinin nəticələri meymun virusunun mövcudluğunu təsdiqlədi.
Xəstə xəstəxanaya yerləşdirilib, stasionar müalicə olunur. Xəstə ilə təmasda olan ailə üzvlərində xəstəliyin əlamətləri müşahidə edilmir. Onlar ərazi ambulatoriya və sanitar-epidemioloji xidmət orqanları tərəfindən təşkil edilmiş ev müşahidəsindədirlər.
Onlara profilaktik müalicə və lazımi dərman preparatları verilib. Xəstə və onunla təmasda olan şəxslərə qarşı tibbi-profilaktik tədbirlər inkubasiya dövrü başa çatana qədər davam etdiriləcək”, – məlumatda deyilir.