Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün başlayır.
QafqazTürk Media xəbər verir ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.
Tərəflər Konfransının tədbirləri 11-22 noyabr tarixlərində baş tutacaq.
COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
Məlumata əsasən, tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.
Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək.
Məlumat üçün bildirək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.