Sentyabrın 23-də Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev ölkələrimiz arasındakı tarixin dərinliklərindən gələn dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb. Həmçinin Azərbaycanın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edilib.
O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından bəhs edərək bu kontekstdə parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb.Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, eyni coğrafiyanın və ümumi maraqların da birləşdirdiyini deyən Arzu Nağıyev regional sülhün və əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Gürcüstan parlamentlərinin mədəniyyət komitələri arasında imzalananan əməkdaşlıq haqqında memorandumun əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan imkanları bütün sahələrdə, o cümlədən mədəniyyət platformalarında dəstəkləməyə hazır olduqlarını bildirib.