This is a specific ad

Azərbaycan və Ermənistan liderləri Brüsseldə Şarl Mişel ilə görüşüb – ƏTRAFLI

21

Another advertisement

Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Üçtərəfli görüşə qədər Azərbaycan prezidenti və Ermənistaın baş naziri ayrılıqda Mişellə görüşüblər.

Birgə görüşdən sonra Mişel mediaya açıqlama verib. O, müzakirələrdə sərhədin delimitasiyası ilə bağlı irəliləyişlərin və növbəti addımların nəzərdən keçirildiyi bildirib. Mişel deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər.

“Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”, – açıqlamada deyilir.

Şarl Mişel tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlik müzakirələrdə aydın irəliləyişin əldə edildiyi vurğulayıb. O, tərəflərin özəlliklə Naxçıvana və oradan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı mövqelərinin bir-birinə çox yaxınlaşdığını qeyd edib. Mişelin sözlərinə görə, tərəflərin müvafiq komandalarına konkret qrafik üzrə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması ilə bağlı razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Tərəflər həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə də razılığa gəliblər.

Humanitar məsələlərə gəlincə, Şarl Mişel yaxın həftələrdə daha çox məhbusun azad ediləcəyi ilə bağlı anlaşmanın olduğunu bildirib.

“Mən həmçinin, sadəcə olaraq azmış və qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılması ilə bağlı qarşılıqlı anlaşmanın vacibliyini vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi və minalardan təmizlənmə üzrə işlərin sürətləndirilməsinin vacibliyini müzakirə etdik”, – Mişel vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub. O, Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə müsbət gündəliyin işlənib hazırlanmasında iştiraka həvəsləndirdiyini bildirib:

“Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyini də qaldırdım”.

Açıqlamada bildirilir ki, Aİ-nin heç bir gizli gündəmi yoxdur və yeganə məqsəd Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir.

Tərəflərin birgə səylərinə Aİ-nin tövhə verməyə hazır olduğunu bildirən Mişelə görə, lazım gəldikdə Brüssel görüşlərinin tez-tez keçirməsilə bağlı razılıq da əldə olunub. Onun sözlərinə görə, liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Ondan öncə isə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində görüş keçiriləcək. Mişel liderləri oktyabrda Qranadada keçiriləcək üçüncü EPC sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətini də açıqlayıb.

Mənbə: Azadlıq Radiosu

Sonrakı yazı
İlia Darçiaşvili: Gürcüstan bütün öhdəlikləri alnı açıq, üzü ağ yerinə yetirir – ƏTRAFLI
Öncəki yazı
Kaia Kallas: Sovet İttifaqı Əfqanıstandan çıxdığı kimi Rusiya da Ukraynadan çıxmalıdır – ƏTRAFLI