Bu il Gürcüstanın ev sahibliyi etdiyi Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli müdafiə nazirləri görüşü çərçivəsində Batumi şəhərində müdafiə nazirlərinin görüşü keçirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri Gürcüstanın müdafiə naziri İrakli Çikovani qəbul ediblər.
“Həmkarlar regionun təhlükəsizlik mühiti və mövcud çağırışları haqqında danışıblar. Görüşdə tərəflər regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini qeyd ediblər. İrakli Çikovani Gürcüstanın Cənubi Qafqazda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə tərəflər müdafiə sahəsində aparılan islahatlar və gələcək planları müzakirə ediblər. Diqqət strateji və işçi səviyyələrdə əməkdaşlığın müsbət dinamikasına yönəldilib. Qeyd olunub ki, birgə təlimlər, ekspertlər səviyyəsində keçirilən görüşlər və üçtərəfli kurslar hərbi qulluqçuları daha da yaxınlaşdırır, onların qarşılıqlı fəaliyyət səviyyəsini artırır.
Görüşün sonunda müdafiə nazirləri üçtərəfli nazirlər protokolunu imzalayıb və birgə bəyanatlarla çıxış ediblər. İrakli Çikovani azərbaycanlı və türkiyəli həmkarları – general-polkovnik Zakir Həsənov və Yaşar Gülər ilə də ikitərəfli görüşlər keçirib”, – məlumatda deyilir.