This is a specific ad

Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir

56

Another advertisement

Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Xalqımızın ən zəngin milli-mədəni irsi onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır. Bildiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçmiş, lakin buna baxmayaraq, öz zənginliyini və saflığını qoruyub-saxlamışdır.

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir” deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, heç şübhəsiz ki, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycada dövlət səviyyəsində bu məsələlərə hər zaman həssas yanaşılıb bu gün də yanaşılır. Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi.

SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq ciddi cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Bu hər bir siyasətçinin ata biləcəyi bir addım deyildi. Ulu Öndər riskə gedərək belə bir mövqe nümayiş etdirdi:

“Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etdi və nəticədə məqsədinə nail oldu”.

Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Bu addımlar qeyd olunan prosesə həmin dövrdə ciddi töhfə verdi:

“Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra da hər zaman Azərbaycan dilinə və dilçi alimlərə diqqətlə yanaşdı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi”.

Onu da bildirək ki, Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, – ifadəsi də böyük öndərimizə məxsusdur.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.

Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.

Fuad
Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “50 milyondan çox insanı birləşdirən atribut – AZƏRBAYCAN DİLİ” layihəsi çərçivəsində hazırlanıb

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Bu gün gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Tacikistanda leysan zamanı 13 nəfər öldü