Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib

291

Another advertisement

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.

QafqazTürk Media bu barədə Azərbaycan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

“Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir” – deyə sərəncamda qeyd olunub.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Temu” istifadəçilərinin nəzərinə! – Məlumatlarınız oğurlana bilər
Öncəki yazı
Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var