This is a specific ad

Azərbaycan Zəfərini qeyd edir

255

Another advertisement

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.

QafqazTürk Media xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Sonrakı yazı
Putin Qərbdən küsüb: “İstəmirlər istəməsinlər”
Öncəki yazı
Putin: “Növbəti 20 il bundan daha çətin olacaq”