Avstriya kansleri Karl Nehammer yaxın günlərdə həm kansler, həm də partiya lideri postunu tərk edəcəyini açıqlayıb.
BBC-nin verdiyi məlumata görə, Karl Nehammer bu barədə koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra bildirib. Avstriya kanslerinin sözlərinə görə, onun partiyası – mühafizəkar “Xalq Partiyası” və “Sosial Demokratlar” əsas məsələlərdə razılığa gələ bilməyiblər.
Sentyabrda ifrat sağçı Azadlıq Partiyası Avstriya seçkilərində görünməmiş qələbə qazandı, lakin digər partiyalar partiyanın lideri Herbert Kikl ilə koalisiya yaratmaqdan imtina etdilər. Xüsusilə, sentyabr seçkilərində “Azadlıq Partiyası” demək olar ki, 29 faiz səs toplayıb, “Xalq Partiyası” 26,3 faiz səslə ikinci, “Sosial Demokratlar” isə 21 faiz səsləüçüncü yerdə qərarlaşıb.
Analitiklərin fikrincə, danışıqların pozulması mühafizəkarlarla ifrat sağçılar arasında danışıqlara və ya yeni seçkilərin keçirilməsinə səbəb ola bilər.
BBC xəbər verir ki, Rusiyaya dost Azadlıq Partiyasının yeni seçkiləri alqışlayacağı gözlənilir, çünki sorğular onun populyarlığının sentyabrdan bəri daha da artdığını göstərir.