Avropa Şurasının ekspertləri: “Xarici agentlər haqqında qanun Avropa standartlarına uyğun deyil”

67

Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının ekspert orqanı Gürcüstan parlamentində iqtidarda olan “Gürcü Arzusu” partiyası tərəfindən qəbul edilmiş “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı rəyini açıqlayıb.

Ekspertlərin qənaətinə görə, qanunun bir sıra müddəaları Avropa standartlarına uyğun legitim məqsədlərə xidmət edib-etmədiyi baxımından suallar doğurur və demokratik cəmiyyət üçün zəruri hesab oluna bilməz.

Rəydə vurğulanır ki, qanunla nəzərdə tutulan tədbirlər toplaşmaq azadlığı və digər təmin olunmuş hüquqlar üzərində ciddi mənfi təsir yaradacaq. Bundan əlavə, bir çox müddəa Avropa İnsan Hüquqları Konvensiyasına əsasən hüquqlara məhdudiyyət tətbiqi üçün tələb olunan meyarlara cavab vermir.

Ekspertlər bildirirlər ki, qeyri-hökumət təşkilatlarının xarici maliyyə əldə etməsinə süni maneələrin yaradılması, şəxsi məlumatların açıqlanması üzrə həddindən artıq öhdəliklər, əlavə məlumat tələb etmək səlahiyyətlərinin məhdudiyyətsiz olması, qeydiyyat prosedurlarının ağır şərtlərlə tənzimlənməsi və qeyri-proporsional cərimələr bu qanunu demokratik cəmiyyət üçün qəbuledilməz edir.

“_Bu şəraitdə qanunun icrası Gürcüstanda vətəndaş cəmiyyətinə ciddi və əsassız zərər vuracaq ki, bu da ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir və tamamilə yolverilməzdir”_ , – deyə rəydə qeyd olunur.

Ekspertlərin yekun mövqeyinə əsasən, qanun ləğv olunmalı və onun icrasına yönəlmiş bütün addımlar dərhal dayandırılmalıdır.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Gürcüstanda yeddi QHT-nin hesabları dondurulub
Öncəki yazı
27 avqust tarixinə olan valyuta məzənnəsi məlumdur