BBC xəbər verir ki, ABŞ-ın Avropanın iştirakı olmadan Rusiya ilə sülh danışıqlarını davam etdirməsi ilə bağlı narahatlıqlar fonunda Avropa liderləri gələn həftə Ukraynadakı müharibə ilə bağlı fövqəladə sammit üçün bir araya gələcəklər.
Nəşrin məlumatına görə, Parisdə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Key Starmer də iştirak edəcək. Nəşr yazır ki, sammit keçirilmədən əvvəl Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Avropa liderləri ilə məsləhətləşəcək, lakin onlar ABŞ və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etməyəcəklər.
Bundan əlavə, Ağ Evin yüksək vəzifəli rəsmiləri, o cümlədən ABŞ dövlət katibi Marko Rubio yaxın günlərdə Səudiyyə Ərəbistanında Rusiya nümayəndələri ilə görüşəcək. ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna da danışıqlara dəvət olunub. Polşanın xarici işlər naziri Radoslav Sikorski dünən bildirib ki, Emmanuel Makron Ukrayna məsələsini müzakirə etmək üçün Avropa liderlərini Parisdə keçiriləcək sammitə dəvət edib.