Avropa Parlamenti Bidzina İvanişviliyə və onun “Gürcü arzusu” ndan əməkdaşlarına çox aydın mesaj göndərir: Avropa İttifaqına daxil olmaq onların siyasəti ilə bir araya sığmır. Siz avropapərəst və eyni zamanda kremlpərəst ola bilməzsiniz, həm Avropa həyat tərzini dəstəkləyə, həm də eyni zamanda Stalini tərifləyə bilməzsiniz”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Rasa Yukneviciene Gürcüstanla bağlı Avropa Parlamentində davam edən müzakirələr zamanı bildirib.
O, bu gün Gürcüstanla bağlı qətnamədə razılaşdıqları Avropa Parlamentinin digər qruplarına təşəkkür edib.
“Avropa Parlamenti qarşıdan gələn seçkiləri diqqətlə izləyəcək. Bir daha təkrar edirik ki, seçkilər beynəlxalq standartlara tam cavab verməlidir. Əgər “Gürcü arzusu” Lukaşenkonun yolu ilə getməyə davam edərsə, Avropa İttifaqı reaksiya vermək və Gürcüstanın şərtləri, o cümlədən viza rejiminin liberallaşdırılması meyarlarını yerinə yetirməsini yenidən qiymətləndirmək məcburiyyətində qalacaq”, – deyə Avropalı parlamentar qeyd edib.
Onun sözlərinə görə, Avropa Parlamentinin deputatları Mixail Saakaşvilinin dərhal və qeyd-şərtsiz azad edilməsini də tələb edirlər.
“Biz həmçinin keçmiş prezident Mixail Saakaşvilinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik. Gürcüstan hökuməti Saakaşvilinin həyatına və sağlamlığına dəyən hər bir ziyana görə cavabdeh olmalıdır.
İndi Gürcüstanın gələcəyi ilə bağlı qərar vermək gürcü xalqının əlindədir. Hörmətli gürcülər, Gürcüstanın gələcəyi üçün sizdən daha məsuliyyətli heç kim ola bilməz. Ümid edirik ki, gürcü xalqı Avropa ailəsinə aparan yola qayıdacaq”, – deyə Rasa Yukneviciene bildirib.