“Eurobarometer” sorğusunun nəticələrinə görə, bütün zəruri meyarlara əməl olunacağı təqdirdə, Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin əhalisinin 46 faizi Gürcüstanın Aİ-yə qəbul edilməsinin lehinə, 43 faizi isə əleyhinədir.
Araşdırmada hər bir ölkə üzrə nəticələr də açıqlanıb. Kriteriyalar təmin olunacağı halda Gürcüstanın Aİ-yə üzvlüyünə ən yüksək dəstək İsveçdə (71%), Litvada (62%), Latviyada (62%), Danimarkada (61%), Kiprdə (58%), Xorvatiyada (57%), Slovakiyada (57%), Macarıstanda (55%), İspaniyada (54%), Niderlandda (52%) və Portuqaliyada (51%) qeydə alınıb.
Ən çox etiraz isə Avstriya, Çexiya, Almaniya, İtaliya və Fransada müşahidə olunub. Belə ki, Avstriyada respondentlərin 64 faizi, Çexiyada 61 faizi, Almaniyada 53 faizi, İtaliyada 49 faizi, Fransada isə 48 faizi Gürcüstanın Aİ-yə üzvlüyünə qarşı çıxıb.
Bununla yanaşı, sorğu nəticələri göstərib ki, ümumilikdə Aİ vətəndaşlarının 56 faizi təşkilatın genişlənməsini dəstəkləyir.
Tədqiqat bu gün Kopenhagendə Aİ-yə üzv ölkələrin Avropa işləri nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində açıqlanıb. Görüşdə təşkilatın genişlənməsi məsələsi də müzakirə edilib.