Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Gürcüstanda demokratiya və qanunun aliliyinə dəstək” adlı qətnamə qəbul edib. Sənəd 77 nümayəndədən 68-nin lehinə, 7-nin əleyhinə səsi və 2 bitərəf səslə təsdiqlənib.
Sənəddə Assambleya Gürcüstan hakimiyyətinin beynəlxalq ictimaiyyətin tövsiyə və xəbərdarlıqlarına sistemli şəkildə məhəl qoymamasından dərin narahatlıq keçirdiklərini ifadə edir.
Assambleya Gürcüstan nümayəndə heyətinin keçmiş üzvlərinin parlamentdəki fəaliyyətlərinə görə cinayət təqibinə məruz qalma ehtimalını da ciddi pozuntu kimi qiymətləndirir və üzv dövlətləri bu cür halların qarşısını almağa çağırır.
Sənəddə ölkədə qarşıdan gələn yerli seçkilər də diqqət mərkəzinə çıxarılıb. AŞPA demokratik seçki mühitinin yaradılması üçün çağırışların yerinə yetirilməməsindən təəssüfünü bildirib. Qeyd olunur ki, müxalifət partiyalarının əksəriyyəti seçkiləri boykot edir, vətəndaş cəmiyyəti isə prosesi müşahidə etməyəcək. Həmçinin Avropa Şurasının və ATƏT-in müşahidə missiyalarının seçkiləri izləməsi üçün dəvətlərin göndərilməməsi və ya qəsdən gecikdirilməsi kəskin tənqid olunur.
Qətnamə Gürcüstanda repressiv qanunların qəbulu, vətəndaş cəmiyyətinə, mediaya və müxalifətə qarşı siyasi motivli təqibləri pisləyir. AŞPA bu təzyiqlərin ölkədə sosial-siyasi böhranı dərinləşdirdiyini və Avropa Şurasına üzvlük öhdəliklərinin pozulması anlamına gəldiyini vurğulayır.
AŞPA Gürcüstanda mübahisəli “Xarici agentlərin qeydiyyatı haqqında” qanunun icrasına yönəlmiş addımlardan və vətəndaş cəmiyyəti təşkilatlarının bank hesablarının dondurulmasından narahat olduğunu bəyan edir. Bu qanunların Avropa standartlarına zidd olduğu vurğulanır.
Bundan başqa, 2003–2012-ci illərdə “Vahid Milli Hərəkat” hökumətinin fəaliyyətini araşdıran istintaq komissiyasının işinə də münasibət bildirilib. AŞPA bu prosesi siyasi rəqibləri susdurmaq cəhdi kimi qiymətləndirir və hakimiyyətin müxalifəti qadağan etmə niyyətini “birpartiyalı diktaturaya doğru addım” adlandırır.
Assambleya Gürcüstan hökumətini demokratik geriləməni dayandırmağa, vəziyyəti düzəltməyə və Avropa Şurasına üzvlük öhdəliklərinə sadiqliyini nümayiş etdirməyə çağırır. Sonda isə qurum monitorinq komitəsinin məruzəçilərinin Gürcüstana tezliklə səfər etməsini dəstəklədiyini bildirir.