This is a specific ad

Asiya İnkişaf Bankı: “Gürcüstanın iqtisadi yüksəlişi 2023-2024-cü illərdə yavaşlayacaq”

119

Another advertisement

“Rusiyadan gələn miqrantların azalması və maliyyə axınının yavaşlaması səbəbindən Gürcüstanın iqtisadi artımı 2023-cü ildə azala bilər”.

QafqazTürk xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında deyilir.

Hesabata əsasən 2024-cü ildə isə cüzi artım gözlənilir.

Bununla yanaşı, AİB bu il Gürcüstan iqtisadiyyatının 4,5% artacağını proqnozlaşdırır. Onlar xidmət sektorunda artan mənfəətin fonunda ÜDM-in 2024-cü ildə 5%-ə qədər artacağını təxmin edir.

“Ötən il ikirəqəmli iqtisadi artımdan sonra Gürcüstan daha davamlı inkişaf yolu axtarmalıdır. Turizm və xidmətlər sahəsində mövqeyini gücləndirməli və mühüm infrastruktur layihələrində irəliləyişi saxlamaq üçün bərpa olunan enerji istehsalını artırmalıdır. İnnovasiyaları təşviq etsə və ətraf mühitin mühafizəsi üzrə fəaliyyət planının icrasını sürətləndirsə faydalı olardı”, – deyə Asiya İnkişaf Bankının Gürcüstandakı direktoru vəzifəsini icra edən Kamel Boumad bildirib.

İnflyasiyaya gəlincə, AİB-in hesablamalarına görə, 2022-ci ildə qeydə alınan 12%-lik inflyasiyanın 2023-cü ildə 6%-ə, 2024-cü ildə isə 4%-ə qədər azalması və bununla da inflyasiyanın Milli Bankın 3%-lik hədəf dərəcəsinə yaxınlaşması gözlənilir. Asiya İnkişaf Bankı bunun daha sərt pul siyasəti, nisbətən zəif daxili tələb və təkmilləşdirilmiş çatdırılma zəncirləri ilə əlaqədar olduğunu deyir.

AİB-in məlumatına görə, investisiyaların 2023-cü ildə 5,5%, 2024-cü ildə isə 3,5% artacağı gözlənilir. Büdcə kəsiri 2023-cü ildə ÜDM-in 2,7%-i, 2024-cü ildə isə 2,5%-i ekvivalentində azalacaq.

Xatırladırıq ki, Saxstat-ın ilkin məlumatlarına əsasən, 2023-cü ilin fevral ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstan iqtisadiyyatı 5,8%, yanvar-fevral aylarında orta real artım isə 7,1% təşkil edib.

Bu il hökumət Gürcüstanda iqtisadi artımın azalacağını gözləyir. 2023-cü ilin büdcəsi 5% iqtisadi artım üçün nəzərdə tutulub.

Parlamentin büdcə ofisinin fevralın sonunda dərc olunmuş hesabatına əsasən, 2023-cü ilin birinci rübündə ofis Gürcüstan iqtisadiyyatının 7,2% artımını proqnozlaşdırır. Onların qiymətləndirməsinə görə, ÜDM-də gözlənilən artım 2022-ci ildən başlayaraq yaxşılaşmış iqtisadi vəziyyətin saxlanılması ilə şərtlənəcək.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2023-cü ildə Gürcüstanda iqtisadi artım 4-5% səviyyəsində olacaq. “Fitch” beynəlxalq reytinq şirkətinin hesablamalarına görə, Gürcüstan iqtisadiyyatı cəmi 4,5% artacaq. Galt & Taggart-a görə, 2023-cü ildə Gürcüstan iqtisadiyyatının 6,9% artacağı ehtimalı artır.

Ötən ilin məlumatlarına gəlincə, Sakstat-ın ilkin hesablamalarına əsasən, 2022-ci ildə iqtisadiyyatın orta real artımı 10,1% təşkil edib.

Bir sıra beynəlxalq və yerli təşkilatlar son bir ildə ikirəqəmli iqtisadi artımın səbəbi kimi Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu miqrant axını göstəriblər. Çünki immiqrantlarda daşınmaz əmlaka, məhsul və xidmətlərə tələbat artıb. Həmçinin, miqrasiyadan sonra artan turizm daxilolmaları və pul köçürmələri iqtisadi artımı sürətləndirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə 1 milyon 459 min 546 Rusiya vətəndaşı Gürcüstanın dövlət sərhədini keçib, illik artım 401% təşkil edir. Statistika göstərir ki, onların böyük bir hissəsi, yəni 1 milyon 405 min 552 nəfəri Rusiyanın Ukraynaya hücumundan sonra mart-dekabr dövründə Gürcüstana daxil olub.

Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin mart ayında Gürcüstanda əvvəlki ayla müqayisədə 0,2% deflyasiya, yəni istehlak qiymətlərinin ümumi səviyyəsində azalma müşahidə olunub, illik inflyasiya isə 5,3% təşkil edib. Qeyd edək ki, inflyasiyanın tempinin azalmasına baxmayaraq, illik inflyasiya Milli Bankın 3%-lik hədəf göstəricisini üstələyir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir
Öncəki yazı
“Oğru Dünyası” ilə əlaqəsi olan 4 nəfər saxlanılıb