Arximandrit Dorothe Kuraşvili bu gün Patriarxlığı ziyarət etməyi planlaşdırır, lakin əgər yeparxiya komissiyasının iclasında media iştirak etməsə, o, həmin iclasda iştirak etməyəcək.
QafqazTürk Media xəbər verir ki, o bu barədə “Interpressnews”a verdiyi müsahibəsində bildirib. Məlumata görə, iclasa medianın buraxılması ilə bağlı tələbindən imtina etməyəcək.
“Əgər media iştirak etməsə, mən bu iclasa qatılmayacağam. Çünki məndən televiziya çıxışlarıma görə hesabat tələb olunur. Saat 14:00-da Patriarxlığa gedəcəyəm, lakin onların nə qərar verəcəyini bilmirəm”, – deyə Arximandrit Dorothe Kuraşvili bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstan Patriarxlığı arximandrit Dorothe Kuraşvilini onun ictimai açıqlamalarına görə Əxlaq Komissiyasına çağırıb. Patriarxlığın izahına görə, Dorothe Kuraşvilinin son zamanlar kütləvi informasiya vasitələri ilə etdiyi bəyanat və çıxışlarında intizam, mənəviyyat və böhtan xarakterli pozuntular müşahidə olunur.
Arximandrit Dorothe əvvəlki iclasa qatılmadığı üçün “ciddi xəbərdarlıq” alıb. Daha sonra o, bildirib ki, yalnız media nümayəndələrinin iştirakı təmin olunduğu halda iclasda iştirak edəcək.
Lakin Gürcüstan Patriarxlığı dünən açıqlama yayaraq bildirib ki, Arximandrit Dorothe Kuraşvilinin oktyabrın 29-da yeparxiya komissiyasının iclasının media iştirakı ilə keçirilməsi barədə tələbi yerinə yetirilməyəcək. Patriarxlığın açıqlamasında qeyd olunub ki, Dorothe Kuraşvilinin bu tələbi qəbuledilməz və presedentsizdir.
