Alyaskada “Putin-Tramp” tunelinin tikintisi ilə bağlı müzakirələr başlayıb – Kirill Dmitriyev

55

Rusiya və ABŞ Çukotka ilə Alaskanı Bering boğazı vasitəsilə birləşdirəcək tunel layihəsini müzakirəyə başlayıblar.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev sosial media platforması X-də yazıb.

Dmitriyev yazır ki, layihə iki ölkə arasında “birliyin simvolu” rolunu oynaya bilər. ABŞ Prezidenti Donald Tramp isə ideyanı maraqlı hesab edib və bildirib ki, əvvəllər belə bir tunel barədə eşitməyib. Tramp həmçinin vurğulayıb ki, hökumət Alaskada yeni yol açıb ki, bu da müxtəlif mineral resurslara çıxışı təmin edir.

17 oktyabrda Dmitriyev ABŞ-in Boring Company şirkətinin təsisçisi İlon Maskı layihəyə dəvət edib. O, X-də paylaşdığı mesajında bildirib:

“Düşünün, ABŞ və Rusiya, Amerika və Afro-Avrasiyanı birləşdirən bir tunel – Putin-Tramp tuneli, 70 mil uzunluğunda birləşdirici halqa, birliyin simvolu olacaq. Gəlin gələcəyi birlikdə inşa edək! İnsanlıq tarixində ilk dəfə qitələri birləşdirməyin vaxtı gəlib”, – deyə Dmitriyev o zaman yazıb.

Dmitriyevin hesablamalarına görə, layihənin ümumi dəyəri təxminən 65 milyard dollar təşkil edir, lakin Boring Company texnologiyasından istifadə edildikdə bu məbləğ təxminən 8 milyard dollara düşə bilər. O əlavə edib ki, tunelin tikintisi səkkiz ildən az müddətə başa gələ bilər.

Rusiya Birbaşa İnvestisiyalar Fondu layihənin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Dmitriyev qeyd edib ki, Bering boğazı vasitəsilə ABŞ və Rusiyanın birləşdirilməsi uzun müddətdir arzu edilən hədəfdir və fondu tərəfindən bunun müxtəlif variantları, o cümlədən ABŞ-Kanada-Rusiya-Çin dəmir yolu marşrutu da öyrənilib.

Qeyd edək ki, Kirill Dmitriyev ABŞ ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvüdür və bu ilin fevral ayında Putinin xüsusi nümayəndəsi təyin olunub. Avqustda isə Putinin Alyaskaya səfəri zamanı Dmitriyev Rusiya nümayəndə heyətində olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğan: Şimali Kipr Türk Respublikasını suverenliyini müdafiəyə davam edəcəyik
Öncəki yazı
Gürcüstan və İsrail əməkdaşlıq memorandumu imzalayıb – ƏTRAFLI