AK Partiya sədrinin müavini Efkan Ala, Özgür Özəlin boykot çağırışına münasibət bildirib.
“Özgür Özəlin Türkiyə iqtisadiyyatının can damarı olan, minlərlə vətəndaşımıza iş imkanı yaradan, vergiləri ilə dövlətimizin inkişafına töhfə verən yerli sahibkarlara qarşı düşmənçilik kampaniyası, beynəlxalq platformalarda Xəzinə və Maliyyə Nazirimizi hədəfə alması Türkiyənin makroiqtisadiyyat proqramını pozmaq cəhdidir”, – o, deyib.
Ala sosial media hesabında paylaşımında son bir həftə ərzində İstanbul Böyükşəhər Bələdiyyəsindəki korrupsiya ilə bağlı məhkəmə prosesində CHP rəhbərləri arasında siyasi çaşqınlığın şahidi olduqlarını bildirib.
Ala, CHP sədri Özgür Özəlin ‘qanunların fəaliyyətinə mane olmaq üçün başladığı küçə hərəkətləri və sonrakı açıqlamalarının Türkiyə Cümhuriyyətinin demokratik nizamını və iqtisadi sabitliyini hədəfə alan bir plana çevrildiyini’ vurğulayıb və bunları qeyd edib:
“Bu davranış fiskal intizamımızın və monetar sərtləşdirmə siyasətimizin müsbət nəticələrini məhv etməyə çalışan manipulyativ xəyanət siyasətidir. İstehsalçılarımızın, fəhlələrimizin, tacirlərimizin və sənayeçilərimizin güzəranı ilə oynayan, iqtisadi sabitliyimizi pozan və beynəlxalq əməkdaşlıqlar vasitəsilə öz gizli siyasi planlarını həyata keçirməyə çalışanlara qarşı tərəddüd etmədən mübarizə apardıq və mübarizəmizi davam etdirəcəyik.
Əziz xalqımız əmin ola bilər ki, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında milli iradəmizi və iqtisadi müstəqilliyimizi hədəfə alan bu cəhdlərə qarşı uca dayanırıq”.