“Ümid edirəm ki, Avropa Komissiyasının Gürcüstana namizəd ölkə statusu verilməsi ilə bağlı tövsiyələri müsbət olacaq”.
QafqazTürk.com xəbər verir ki,bu sözləri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Səfirin sözlərinə görə, Avropa Komissiyasının qərarı 8 noyabrda açıqlanacaq. “Hazırda Brüsseldə bizim rəhbərlərimiz, Gürcüstanla bağlı üzv dövlətlərin tövsiyələrini özündə əks etdirən genişlənmə hesabatını yekunlaşdırmaq üzərində işləyirlər. Ümid edirəm ki, bu tövsiyələr müsbət olacaq və Avropa Komissiyası, Avropa İttifaqının 27 üzvünə Gürcüstana Avropa Birliyinə gedən yolda irəliləməyi və namizəd statusu verilməsini tövsiyə edəcək. Təəssüf ki, noyabrın 8-nə qədər gözləmək məcburiyyətindəyik.Gürcüstan və digər doqquz ölkə üçün genişlənmə hesabatı açıq olacaq və ümid edək ki, hər şey müsbət istiqamətdə gedəcək”,-deyə Herçinski vurğulayıb.
Qeyd edək ki, Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı qərar dekabr ayında 27 üzv dövlətin lideri tərəfindən veriləcək.