Avropa İttifaqının diplomatları ilk dəfə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) təklifini müzakirə ediblər. Təklif Gürcüstanın iki hakimiyyətə yaxın televiziya kanalı – “İmedi” və POSTV-yə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
QafqazTürk media “Azad Avropa Radiosu”na (RFE/RL) istinadən məlumat verir ki, Brüssel bu kanalları Rusiyanın təbliğatını yaymaqda ittiham edir.
Təklifə əsasən, sanksiyalar kanalların sahiblərinə vizanın verilməsinin qadağan olunmasını, aktivlərinin dondurulmasını və Aİ ərazisində yayımlanma lisenziyalarının dayandırılmasını əhatə edəcək. Bu tədbirlər Rusiyanın hibrid fəaliyyətlərinə qarşı ötən il qəbul edilən xüsusi sanksiya mexanizmi çərçivəsində həyata keçirilə bilər.
Qeyd edək ki, “İmedi” Gürcüstanda ən populyar televiziya kanallarından biridir və biznesmen İrakli Ruxadzeyə məxsusdur. O, artıq Litva və Ukraynada sanksiya siyahısına daxil edilib. “Beynəlxalq Şəffaflıq” təşkilatı isə əvvəlki araşdırmasında kanalın maliyyələşməsində “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin iştirakına dair sübutlar təqdim etmişdi.
Bu, Brüsselin Gürcüstanla bağlı sanksiya məsələsini müzakirə etdiyi ilk hal deyil. Xatırladaq ki, bu ilin yanvarında EEAS Gürcüstan parlamentinin bəzi deputatlarını və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərini 2024-cü il seçkiləri və etirazların dağıdılması ilə bağlı sanksiya siyahısına salmağa çalışmış, lakin təşəbbüsə Macarıstan və Slovakiya veto qoymuşdu.
Hazırkı müzakirələrdə də Macarıstan, Slovakiya, Belçika, İtaliya və Yunanıstan sanksiyalara ehtiyatla yanaşır, bu addımın söz azadlığını məhdudlaşdıra və ikili standartlar yarada biləcəyini bildirirlər.
Sanksiyalara Baltikyanı ölkələr, Polşa, Niderland və Çexiya dəstək verir. Çexiya sentyabrda artıq Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraqvelidze, üç hakim və bir prokurora qarşı milli səviyyədə sanksiyalar tətbiq edib.
Aİ-nin hüquq xidməti isə bildirib ki, EEAS tərəfindən təqdim olunan sübutlar hələlik “İmedi” və POSTV ilə Rusiya hakimiyyəti arasında birbaşa əlaqəni sübut etmək üçün kifayət qədər əsas vermir. Buna görə də Brüssel əlavə məlumat toplamağa davam edir.
Məlumata görə, sanksiyaların dəstəklənməsi ilə bağlı artıq Finlandiya, Almaniya, Sloveniya və İsveç müsbət mövqe bildirib, Bolqarıstan, Fransa və Rumıniya isə qərar qəbul etməzdən əvvəl məsələni daha ətraflı araşdırmağı planlaşdırır.
