“Mən gənc diplomat olanda Bakı-Ceyhan boru kəmərinin reallaşdırılması layihəsində Gürcüstanla birlikdə işləmişəm və bu gün buraya qayıdıb Gürcüstanın Orta Dəhlizin inkişafı baxımından nələrə nail olduğunu görürəm”.
QafqazTürk.com xəbər verir ki,bu sözləri ABŞ-ın Gürcüstana yeni təyin edilmiş səfiri Robin Danninqan “Tbilisi İpək Yolu Forumu” çərçivəsində deyib.
Onun sözlərinə görə, forum özəl və dövlət sektorunun, Orta Dəhliz ölkələrinin liderlərinin bu mühüm tranzit yolunun inkişafına dəstək üçün toplaşdığı vacib platformadır.
“Mən baş nazirin ev sahibliyi etdiyi forumda olmaqdan şadam. Qeyd edim ki, ABŞ-ın həm şirkətlərindən, həm də Beynəlxalq İnkişaf Agentliyindən böyük nümayəndəliyimiz burada təmsil edilir. Bilirsiniz ki, mən gənc diplomat olanda Bakı-Ceyhan boru kəməri layihəsində Gürcüstanla işləmişəm və bu gün buraya qayıdıb Gürcüstanın Orta Dəhlizin inkişafı, avtomobil yollarının, dəmir yollarının inkişafı, limanların inkişafı baxımından nələrə nail olduğunu görürəm. ABŞ və şirkətlərimiz bu gün bu inkişafı dəstəkləmək üçün buradayıq, çünki biz Orta Dəhlizin əsl dəyərini və bu dəhlizdə Gürcüstanın rolunu bilirik.
Ona görə də mən bir səfir kimi bu məsələni dəstəkləməyə tamamilə hazıram. Hesab edirəm ki, “Tbilisi İpək Yolu Forumu” özəl sektorun və dövlət sektorunun, Orta Dəhliz ölkələrinin liderlərinin bu mühüm tranzit yolunun inkişafına dəstək üçün bir araya gəldiyi son dərəcə vacib platformadır. Biz bunu özəl sektorla dövlət sektorunun əməkdaşlığı olmadan edə bilmərik. Beləliklə, mən Gürcüstanın baş nazirinin və hökumətinin bu mühüm forumu keçirmək təşəbbüsünü çox yüksək qiymətləndirirəm”, – deyə ABŞ-ın Gürcüstandakı səfiri vurğulayıb.