ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verilməsinə cavab olaraq Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərinə sanksiya tətbiq edilməsinə dəstək olub.
Qanun layihəsi İsrail rəsmilərinə qarşı verilən orderlərin ən sərt şəkildə pislənməsini tələb edir. Qanunvericilik mətninə əsasən, məhkəməyə qarşı sanksiyalar “Birləşmiş Ştatların və onun müttəfiqlərinin hər hansı müdafiə olunan şəxsinin istintaqı, həbsi, saxlanması və ya mühakimə olunmasına görə” tətbiq ediləcək. Sanksiyalar arasında ABŞ-da əmlak əməliyyatlarına qadağa, vizaların bloklanması və ləğvi daxildir.
Nümayəndələr Palatasından sonra qanun layihəsinin respublikaçıların nəzarətində olan Senatda da qəbul ediləcəyi gözlənilir.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı və HƏMAS-ın yüksək rütbəli rəsmisini hərbi cinayətlərdə ittiham edərək, onların həbsinə order verib.