ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən verilən ABŞ vizaları indi yeni dizaynla veriləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə viza konsaltinq şirkəti e-Consul məlumat yayıb.
Amerika Birləşmiş Ştatları 2022-ci ilin noyabr ayından yeni viza dizaynı üzərində işə başlayıb və ABŞ konsulluqlarının fəaliyyət göstərdiyi ölkələrdə 2023-cü ilin sentyabrından başlayaraq köhnə dizaynlar tədricən dəyişdiriləcək.
Yeni görüntüdə Amerikanın 16-cı prezidenti Abraham Linkoln “Qızıl Qapı” körpüsünün təsviri ilə əvəz olunub.
San-Fransiskonun əsas turistik məkanına əlavə olaraq, yeni viza dizaynında ulduzlar var, viza nömrəsi ölçüdə artırılıb və daha çox görünür.
Abraham Linkolnun təsvir olunduğu dizayn üzərində ABŞ 4 il çalışıb və 2002-ci ildə nəşr olunub. İlk dəfə daha güclü təhlükəsizlik standartları, o cümlədən biometrik məlumatlar dizayna daxil edilib.
ABŞ Dövlət Departamenti immiqrasiya saxtakarlığının qarşısını almaq üçün mütəmadi olaraq viza dizaynlarını yeniləyir. Bir sənəd üçün yeni vizualın hazırlanması çox vaxt illər tələb edir, çünki dizayn prosesinin hər bir addımı sənədin dəyişdirilə biləcəyi ehtimalını nəzərə almalıdır.
Köhnə vizalara gəlincə, artıq alınmış vizanın müddəti bitənə qədər istifadə oluna bilər.