“İranda insan hüquqlarına qarşı ciddi məhdudiyyətlər il ərzində bir sıra sahələrdə daha da güclənib”.
QafqazTürk.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında diqqətə çatdırılıb.
Bildirilir ki, qadınlar, bir sıra məsələlərdə (o cümlədən məcburi hicab) ayrı-seçkiliklə üzləşməkdə davam edirlər. İl ərzində edam aktlarının sayı 2022-ci illə müqayisədə 37 faiz artıb.
Hesabatda etnik azlıqlara qarşı diskriminasiyadan da söz açılıb, bildirilib ki, onlar iqtisadi yardım, biznes lisenziyaları, universitetlərə qəbul, məşğulluq imkanları, kitabların nəşrinə icazə, mülk və torpaq hüquqları ilə bağlı ayrı-seçkiliklə üzləşirlər. Həbsdə olan etnik azlıqların hansı cinayətdə ittiham olunmasından asılı olmayaraq, digər məhbuslarla müqayisədə daha ağır fiziki cəzalara, o cümlədən işgəncələrə məruz qalırlar.
ABŞ Dövlət Departamentindən Cənubi azərbaycanlıların təqib olunaraq ayrı-seçkiliyə məruz qaldıqları vurğulanıb.
“Əhalinin təxminən 24 faizini və ya 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplara nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya ediblər. Əli Xamenei etnik azərbaycanlıdır. Bununla belə, azərbaycanlılar hökumətin fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini və bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğunu bildiriblər”, – deyə hesabatda qeyd edilib.