ABŞ hökumətində şatdaun müddəti ölkə tarixində ən uzunmüddətli ola bilər.
QafqazTürk Media xəbər verir ki, Senat on dörd cəhddən sonra hökumətin qısamüddətli maliyyələşdirmə qanun layihəsini təsdiqləyə bilməyib.
Qanunverici orqanlar məsələni bu gün yenidən müzakirə edəcək. Hazırkı şatdaun 2018-ci il dekabrın 22-dən 2019-cu il yanvarın 25-nə qədər davam edən 35 günlük əvvəlki rekordunu aşa bilər. Həmin vaxt şatdaun Donald Trampın birinci prezidentlik dövründə baş vermişdi.
Xatırladaq ki, ABŞ hökuməti oktyabrın 1-də fəaliyyətini dayandırıb. Nəticədə yüzminlərlə dövlət işçisi maaşsız qalıb və təxminən 1,5 milyon amerikalı natamam məvacib alır. Əgər noyabrın 5-dək ABŞ büdcəsi razılaşdırılmasa, indiki şatdaun ölkə tarixində ən uzunmüddətli olacaq.
Mütəxəssislər bildirirlər ki, şatdaun respublikaçılar və demokratlar arasında Konqresdə, Senatda və Nümayəndələr Palatasında mövcud fikir ayrılıqları ilə bağlıdır. Hazırda tərəflər arasında ciddi ziddiyyətlər mövcuddur və büdcə məsələsində razılığa gəlmək mümkün olmayıb.
