AB-nin genişlənmə üzrə komissarı Marta Kosi bildirib ki, AB-nin Xarici İşlər Şurasının bu günkü iclasında Gürcüstanda baş verən narahatlıq doğuran hadisələr müzakirə olunacaq.
QafqazTürk Media xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bidlirib. O açıqlaması zaman qeyd edib ki, Avropa İttifaqı “Gürcü Arzusu”nun AB və Avropa liderlərinə qarşı yalan narrativlərini və dezinformasiyasını qətiyyətlə pisləyir.
Kosi hökuməti xalqa qulaq asmağa və onların Avropanın bir hissəsi olmaq istəyinə hörmət etməyə çağırıb:
“Gürcüstan xalqı son üç seçki və hazırkı etiraz aksiyaları zamanı, eləcə də aparılan sorğular nəticəsində Avropa gələcəyini istədiyini nümayiş etdirib, amma hökumət bunu eşitmək istəmir. Hökumət, görünür, öz xalqını dinləmək və Avropa yolunu izləmək istəmir.
Müxalifət üzvləri həbs olunub, jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları isə susdurulur. Eyni zamanda, hakimiyyət nümayəndələri tərəfindən Avropa və AB-ə qarşı dezinformasiya yayılır. Buna görə də biz bu yalan narrativləri və Avropa institutlarına, onların nümayəndələrinə və üzv dövlətlərimizə edilən bütün hücumları qətiyyətlə pisləyirik.
Biz Gürcüstan hökumətini xalqına qulaq asmağa, inklüziv olmağa, vətəndaş cəmiyyəti ilə dialoqa girməyə və onların Avropanın bir hissəsi olmaq arzularına hörmət etməyə çağırırıq”, — deyə Marta Kosi bildirib.