Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstana yeni təyin olunmuş səfiri İşidzuka Hideki ilə görüşüb.
QafqazTürk xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayır.
Məlumata əsasən, tanışlıq xasiyyətli görüşdə hökumət başçısı Yaponiya səfirini Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
“Söhbət zamanı iki ölkənin müxtəlif istiqamətlərdə əməkdaşlığına diqqət yetirilib. Gürcüstan və Yaponiya arasında mövcud iqtisadi əlaqələr və onların daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Həmçinin Gürcüstanda əlverişli biznes mühitindən söz açılmış və birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində ölkədə fəal iş aparıldığı vurğulanmışdır.
Görüşdə investisiyaların cəlb edilməsi, ixracın təşviqi, kiçik və orta biznesin inkişafı baxımından əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə diqqət yetirilib.
İrakli Ğaribaşvili Yaponiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə İşidzuka Hidekiyə təşəkkür edib”, – Baş nazirin mətbuat xidməti bildirib.