“Quru sərhədlərinin açılması ilə əlaqədar dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə əlaqədar qərarını dəyişəcək.
Yəni ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.
QafqazTürk.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının millət vəkili Razi Nurullayev sosial şəbəkə hesabında yazıb.
Deputat, quru sərhədlərin bağlı olmasının yanlız pandemiya şəraiti ilə bağlı olmadığını deyib.
“Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətindən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər.
Quru sərhədlərin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra biləcəyi də nəzərə alınırdı.
Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin bütövlüyü və suvereliyini qorumaq üçün quru sərhədlərinin bu günə qədər bağlı qalması vacibliyi nəzərə alınırdı. İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın”, – deyə millət vəkili qeyd edib.