Biz tez-tez Şərq zodiakından istifadə edirik, doğulduğumuz ilin hansı heyvan ili olduğunu deyirik, lakin bu zodiakın haradan yarandığını çox da düşünmürük. Bu barədə bir çox əfsanə mövcuddur və onlardan biri belə nəql olunur:
Nefrit imperatoru (Yuy-Di) öz səltənətini qorumaq üçün 12 heyvan seçmək istəmiş və bunun üçün yerə elçi göndərmişdir ki, heyvanlara “göy yarışı” haqqında xəbər versin. Bu yarışda ilk gələn 12 heyvan qalib olacaqdı.
Ertəsi gün “göy yarışı” başladı. Siçan çox erkən oyanıb yola düşdü. Yolda ona bir çay rast gəldi, amma təkbaşına keçməyə qorxdu. Çayın yanına gələn öküzü görüb onun qulağına hoppandı. Öküz etiraz etmədi və yoluna davam etdi. Nefrit qapılarına çatanda hiyləgər siçan öküzün qulağından tullanıb imperatorun yanına birinci çatdı və birinci yeri tutdu, öküz isə ikinci oldu.
Qətiyyətli və cəsur pələng üçüncü gəldi, onun ardınca isə sürətli dovşan dördüncü yeri tutdu.
Sonra əjdaha uçub gəldi və gecikməsinin səbəbini belə izah etdi: o, bir şəhərdəki yanğını söndürmək üçün yağış yaratmışdı. İmperator bunu eşidib əjdahanı beşinci etdi. Əjdaha isə həmin gün özü ilə gəlməyən oğlunun altıncı olmasını xahiş etdi. Bu zaman ilan sürünüb çıxıb dedi ki, əjdaha onun övladlığındadır. Beləcə, ağıllı ilan altıncı yeri tutdu.
Daha sonra at və keçi gəldi. Onlar bir-birinə hörmət edib yeri bir-birinə verməyə başladılar. Nefrit imperatoru onların bu mehribanlığını görüb onlara yeddinci və səkkizinci yerləri verdi.
Meymun ağacdan-ağaca tullanaraq tez gəlib doqquzuncu yeri tutdu.
Xoruz hamıdan əvvəl oyanmışdı, amma yolda digər heyvanların dalınca düşdüyü üçün onuncu oldu.
İt axırdan əvvəl gəldi, çünki çayı keçərkən suda oynamağa başladı və vaxtın necə keçdiyini hiss etmədi.
Donuz isə səhər tezdən yola çıxsa da, qısa ayaqları üzündən bütün günü qaçdı və yenə də sonuncu gəldi.
Bütün bu heyvanlar fəlsəfi və simvolik mənalar daşıyır, insan xarakterinə uyğun müxtəlif keyfiyyətləri təmsil edirlər. O vaxtdan bəri bu təqvim müxtəlif mədəniyyətlərdən olan insanları inancları vasitəsilə birləşdirən üsullardan biri sayılır.
Müəllif:
Liana Axundova
Sankt-Peterburq şəhəri
Rusiya Dövlət Pedaqoji Universiteti
Şərqşünaslıq fakültəsi
Ərəb dili və mədəniyyəti kafedrası
