İrlandiya Gürcüstan vətəndaşlarının deportasiyasına rəsmi şəkildə başlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin polisi – An Garda Síochána məlumat verib. Məlumatda qeyd edilir ki, vətənə çarter reysi ilə 52 gürcü miqrant göndərilib. Onlardan 35-i kişi, 10-u qadın, 7-si isə uşaqdır. Deportasiya reysi Dublin hava limanından, İrlandiyanın Daxili İşlər Nazirliyinin koordinasiyası ilə həyata keçirilib.
Rəsmi məlumatlara əsasən, deportasiya qərarı həmin şəxslərin sığınacaq müraciətlərinə imtina cavabı verildikdən və bütün hüquqi prosedurlar başa çatdıqdan sonra icra olunub.
İrlandiyanın daxili işlər naziri Cim O’Kallahan bildirib ki, əməliyyat Avropa İttifaqının miqrasiya qaydalarına uyğun şəkildə aparılıb və məqsəd “sistemin qanuniliyinin qorunması və miqrasiya balansının bərpası” olub.
Nazirin sözlərinə görə, İrlandiya Gürcüstan hökuməti ilə miqrasiya məsələlərində əməkdaşlığı davam etdirir və “qanuni miqrasiya kanallarının gücləndirilməsinə” dəstək verməyə hazırdır.
İrlandiya mediasının yazdığına görə, bu əməliyyat dövlətə təxminən 187 min avroya başa gəlib. Deportasiya, bir neçə həftə davam edən məhkəmə proseslərindən sonra, Gürcüstan vətəndaşlarının ölkədən çıxarılması barədə qərarın hüquqi qüvvə qazanması ilə həyata keçirilib.
