RFE/RL-nin əldə etdiyi Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstan haqqında nə yazılıb ?

47

Avropa Komissiyası noyabrın 4-də Avropa İttifaqının genişlənməsi ilə bağlı illik hesabatı dərc etməlidir. Hesabatda üzvlüyə namizəd ölkələrin irəliləyişi, Gürcüstanın vəziyyətində isə “kəskin geriləmə” qiymətləndiriləcək.

Hesabatın dərcindən bir gün əvvəl “Azadlıq Radiosu” yazır ki, illik sənədin mətnini qabaqcadan əldə edib və onun məzmununu, Gürcüstanla bağlı hissədə, qısaca təqdim edir.

“Azadlıq Radiosu”nun məlumatına görə, 2025-ci il genişlənmə hesabatında Gürcüstan hökuməti misilsiz dərəcədə sərt tənqid olunur – insan hüquqlarının və əsas azadlıqların pozulmasına, məhkəmə müstəqilliyinin “sarsılmasına”, dövlət institutlarının partiya maraqlarına tabe etdirilməsinə və xarici siyasətin prioritetlərinin dəyişməsinə görə.

RFE/RL yazır ki, sənəddə “Gürcü Arzusu” tərəfindən qəbul edilən son qanunlara da diqqət yetirilir və vurğulanır ki, “aktivistlərə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya təsir edən məhdudlaşdırıcı qanunlar Gürcüstanda demokratiyanın əsaslarını təhlükə altına alır və bu, namizəd ölkələr arasında misilsizdir”.

Qeyd olunur ki, ötən ilki hesabatla müqayisədə 2025-ci il sənədində Gürcüstanda “əhəmiyyətli geriləmə” xüsusi vurğulanıb və göstərilib ki, geriyə addımlar hansı sahələrdə atılıb:

RFE/RL-nin məlumatına görə:

– “Gürcüstan ciddi demokratik geriləmə yaşayıb, hüququn aliliyinin sürətli aşınması və əsas azadlıqların kəskin məhdudlaşdırılması ilə”;
– “Hakimiyyətin sistemli və ardıcıl repressiv addımları – o cümlədən vətəndaş məkanını və fundamental hüquqları, eləcə də müstəqil medianın fəaliyyətini məhdudlaşdıran qanunvericilik, hüquq-mühafizə orqanlarının tam cəzasızlıq şəraitində gücün həddindən artıq tətbiqi və Aİ-yə qarşı düşmənçilik ritorikası – Avropa İttifaqının dəyərlərinə və namizəd ölkədən gözlənilən davranışlara açıq şəkildə ziddir”;
– “Avropa Komissiyasının müəyyən etdiyi doqquz tövsiyə istiqamətində mühüm geriləmə qeydə alınıb ki, bu da ölkəni Aİ-yə inteqrasiya yolundan daha da uzaqlaşdırır”;
– “Hüququn aliliyini qorumaq üçün yaradılan institutlar partiya məqsədlərinə xidmət üçün istifadə edilib və bununla da onların etibarlılığına zərbə vurulub”;
– “Hökumət kursu dəyişmək və ölkəni Avropa İttifaqı yoluna qaytarmaq üçün heç bir addım atmayıb”;
– “Müxalifətin aparıcı fiqurlarının həbsi, eləcə də hakim partiyanın bəzi müxalifət partiyalarına və onlarla əlaqəli şəxslərə fəaliyyət qadağası qoymaq niyyətinə dair bəyanatları demokratik plüralizmə birbaşa hücumdur.”

Hesabatda, həmçinin, 2024-cü ilin parlament seçkilərinə, ölkənin xarici və qonşuluq siyasətinə, eləcə də iqtisadi vəziyyətinə diqqət yetirilir. Bu kontekstdə vurğulanır ki, Gürcüstanın yeganə müsbət göstəricisi iqtisadi artımdır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Marneulidə avtomobil şagirdi vurub – DETALLAR
Öncəki yazı
Aclıq aksiyasının 8-ci günü – etirazçılara daha iki nəfər qoşulub