Tbilisidə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən şəxs saxlanılıb.
Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz əldə edilməsinə, saxlanmasına və satışına köməklik göstərməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş 2002-ci il təvəllüdlü L.X. saxlanılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 142 bükümdə “Bio” adlanan narkotik maddə aşkarlayaraq götürüblər.
Polis, həmçinin L.X.-nin göstərdiyi müxtəlif ünvanlarda satış məqsədi ilə gizlədilmiş digər narkotik vasitələri də aşkar edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsinin “d” bəndi və 260-cı maddəsinin 5-ci hissəsinin “e” bəndi ilə istintaq aparılır. Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
