Baş Nazir İrakli Kobaxidze sabiq baş nazir İrakli Qaribaşvilinin Dövlət Təhlükəsizliyi Xidmətində dindirilməsi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu məsələyə dair ünvan “müvafiq qurumdur”.
“Əlbəttə, baş verənlər çox təəssüf doğurur. Amma konkret sualların ünvanı müvafiq qurumdur”, – deyə Kobaxidze bildirib.
QafqazTürk xəbər verir ki, o əlavə şərh verməkdən çəkinib və bütün sualları istintaq orqanlarına yönəldib:
“Bu məsələ ilə bağlı mənim məlumatım yoxdur. Bu, aidiyyəti orqanların işidir və bu mövzuya dair əlavə açıqlama vermək istəmirəm. Əlbəttə, çox təəssüf doğuran vəziyyətdir, amma konkret suallar həmin quruma ünvanlanmalıdır”, – deyə baş nazir vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, Bidzina İvanişvilinin korrupsiya ilə bağlı mövqeyi “birmənalı və güzəştsizdir”:
“2024-cü il fevralın 8-dən etibarən hökumət tam şəffaf şəkildə fəaliyyət göstərir. Hətta bir sıra sahələrdə, xüsusən energetika və birbaşa özəlləşdirmə istiqamətlərində yeni təcrübə tətbiq edilib. Bu qərarların hamısı büdcəyə fayda gətirir.
Sizi bir məsələdə əmin edə bilərəm: Bidzina İvanişvili korrupsiyaya qarşı güzəştsiz münasibətə malikdir və bu, hər zaman belə olub. Xatırlatmaq istərdim ki, o, 2023-cü ilin dekabrında siyasətə qayıdarkən partiya qurultayında açıq şəkildə bəyan etdi ki, korrupsiya ilə mübarizə hökumətin əsas prioritetlərindən biri olacaq.
Bu gün biz heç vaxt olmadığı qədər müstəqilik və bütün çağırışlara cavab verə bilirik. Hökumətin istənilən qərarını, aktını, tenderini və ya özəlləşdirmə prosesini yoxlaya bilərsiniz — əgər haradasa korrupsiya əlaməti görsəniz, cavab verməyə hazırıq. Amma belə fakt yoxdur,” – deyə Kobaxidze qeyd edib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili dindirilib və o, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
