Rusiya və ABŞ Çukotka ilə Alaskanı Bering boğazı vasitəsilə birləşdirəcək tunel layihəsini müzakirəyə başlayıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev sosial media platforması X-də yazıb.
Dmitriyev yazır ki, layihə iki ölkə arasında “birliyin simvolu” rolunu oynaya bilər. ABŞ Prezidenti Donald Tramp isə ideyanı maraqlı hesab edib və bildirib ki, əvvəllər belə bir tunel barədə eşitməyib. Tramp həmçinin vurğulayıb ki, hökumət Alaskada yeni yol açıb ki, bu da müxtəlif mineral resurslara çıxışı təmin edir.
17 oktyabrda Dmitriyev ABŞ-in Boring Company şirkətinin təsisçisi İlon Maskı layihəyə dəvət edib. O, X-də paylaşdığı mesajında bildirib:
“Düşünün, ABŞ və Rusiya, Amerika və Afro-Avrasiyanı birləşdirən bir tunel – Putin-Tramp tuneli, 70 mil uzunluğunda birləşdirici halqa, birliyin simvolu olacaq. Gəlin gələcəyi birlikdə inşa edək! İnsanlıq tarixində ilk dəfə qitələri birləşdirməyin vaxtı gəlib”, – deyə Dmitriyev o zaman yazıb.