Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nun qanunvericilikdə planlaşdırdığı dəyişiklikləri sərt tənqid edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə S.Zurabişivili jurnalistlərə açıqlamasında bildirilib. Beşinci Prezident hesab edir ki, bu dəyişikliklər partiyaların və siyasətçilərin fəaliyyətinə qadağa qoymaqla ölkədə terror atmosferi yaradır.
“Partiyaların və hər bir üzvün gələcəkdə hər hansı siyasi fəaliyyəti tamamilə qadağan ediləcək. Eyni zamanda, küçə aksiyalarında iştirak edənlərə qarşı inzibati cəzalar cinayət məsuliyyəti ilə əvəzlənir”, – deyə Zurabişvili bildirib.
Xatırladaq ki, “Gürcü Arzusu” Gürcüstanın Konstitusiya Məhkəməsi haqqında Üzvi Qanuna bir sıra düzəlişlər etməyi planlaşdırır . Partiyanın nümayəndəsi İrakli Kirtsxalianın açıqlamasına görə, Tsulukiani Komissiyasının rəyi əsasında partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia tezliklə hazır olacaq və Konstitusiya Məhkəməsinə təqdim olunacaq.
Bundan başqa, “Arzu” parlamentdə sürətləndirilmiş qaydada yeni qanun qəbul etmək niyyətindədir ki, bu da Konstitusiya Məhkəməsi tərəfindən artıq ləğv edilmiş partiyaya aid olacaq. Xüsusilə, İvanişvilinin komandasının dediyi kimi, ləğv edilmiş partiyalarda yer alacaq siyasətçilərin də siyasətdə olması qadağan olunacaq.