ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdə Qəzza Sülh Bəyannaməsini imzalayıb.
Mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani də iştirak ediblər. Sazişin əsas təminatçıları kimi bu dörd ölkənin adı qeyd olunur.
“3000 il çəkdi, inana bilərsinizmi? Və davam edəcək… Bu, regionda və dünyada insanların çalışdığı, uğrunda mübarizə apardığı, ümid etdiyi və dua etdiyi bir gündür. Hamının qeyri-mümkün hesab etdiyi şeyə nail olduq və nəhayət Yaxın Şərqə sülh gəldi. Yeni və gözəl bir səhərin doğmasını görmək necə də gözəldir. İndi isə yenidənqurma işləri başlayır”, – Tramp sənədi imzaladıqdan sonra bəyan edib.
ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşma “Yaxın Şərqdə baş verə biləcək Üçüncü Dünya Müharibəsinin qarşısını ala biləcək qədər böyük miqyaslıdır.”
“Bu, dünya üçün inanılmaz bir gündür,” – Tramp əlavə edib.
Xatırladaq ki, İsrail və HƏMAS sülh planının birinci mərhələsini oktyabrın 9-da imzalayıb. Razılaşmadan sonra HƏMAS 20 israilli girovu azad edib, İsrail isə bu gün 100-ə yaxın fələstinlini azadlığa buraxıb.