ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü Cim Riç və Senatın Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Cin Şahin Gürcüstanda baş verən hadisələr və “Gürcü Arzusu” partiyasının fəaliyyətləri ilə bağlı birgə bəyanat yayıblar.
Senatorlar açıq şəkildə bildiriblər ki, Gürcüstan demokratiyasını sarsıdan ABŞ deyil, məhz “Gürcü Arzusu”dur. Onlar hakim partiyanın addımlarını ciddi narahatedici adlandırıblar.
Riç və Şahin ABŞ Prezident Administrasiyasını çağırıblar ki, Gürcüstan hökumətinin son addımlarını nəzərə alsın və iki ölkə arasındakı münasibətlərdə hər hansı dəyişiklik etməzdən əvvəl bu məsələyə diqqətlə yanaşsın.
Senatorlar həmçinin ABŞ-da Gürcüstanın səfiri Tamar Taliashvilinin Dövlət Departamentinə çağırılmasını da alqışlayıblar.
“Gürcüstandakı siyasi vəziyyətin pisləşməsi və son bələdiyyə seçkilərindən sonra hökumətin narahatedici addımları bizi getdikcə daha çox təşvişə salır.
Baş nazir Kobaxidzenin müxalifət partiyalarını qadağan etmək və onların liderlərini həbs etmək qərarı qəbuledilməz, antidemokratik addımdır və bir daha göstərir ki, ‘Gürcü Arzusu’ siyasi dialoqun normallaşmasında maraqlı deyil.Siyasi motivli istintaqlar və vətəndaş cəmiyyəti liderlərinin, xüsusilə də ABŞ hökuməti ilə əməkdaşlıq edən və Senat Komitəsi qarşısında ifadə verən şəxslərin qorxudulması — fərqli düşüncəni susdurmaq cəhdidir. Bu isə o ölkədə baş verir ki, onun güc sahibləri qarşısında həqiqəti söyləmək kimi qürurverici ənənəsi var.
Eyni zamanda qəbuledilməzdir ki, Gürcüstan hökuməti ABŞ hökumətinin keçmiş əməkdaşlarını əsassız şəkildə ittiham edir, guya onlar Gürcüstan hökumətini sarsıtmağa çalışırlar.Gəlin açıq deyək: Gürcüstanın demokratiyasına və öz gələcəyini müəyyən etmək imkanına zərbə vuran ABŞ deyil, ‘Gürcü Arzusu’dur.
Gürcüstan səfirinin Dövlət Departamentinə çağırılması qərarını alqışlayırıq və Tramp administrasiyasına müraciət edirik ki, Gürcüstan hökumətinin son addımlarını nəzərə alsın, iki ölkə münasibətlərində hər hansı dəyişiklik etməzdən əvvəl bu məsələləri ciddi qiymətləndirsin. Gürcü xalqına — öz müqəddəratını təyin etmək hüququnu tələb edən insanlara — qəti və iki partiyalı dəstəyimizi bir daha ifadə edirik,” – bəyanatda deyilir.