Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı ilə viza rejiminin dayandırılması ehtimalı barədə danışıb. O bildirib ki, Avropa bürokratiyası “gürcü xalqına və onun azadlıq mübarizəsinə qarşı qıcıqlansa da”, vizasız rejimin ləğvi kimi qeyri-praktik addım atacağını düşünmür.
“Avropa İttifaqının sözçüsü çıxıb Paata Burçuladzenin elan etdiyi ‘hakimiyyətin devrilməsi cəhdinə’ açıq dəstək verir. Bu, Avropa bürokratiyasının hansı absurda düşdüyünü göstərir. Onları gürcü xalqı, onun seçimi və azadlıq uğrunda mübarizəsi çox qıcıqlandırır. Amma buna baxmayaraq, mən düşünmürəm ki, belə qeyri-pragmatik addım atsınlar və xalqı vizasız rejimin ləğvi ilə cəzalandırsınlar,” – deyə Kobaxidze qeyd edib.
Jurnalistin “vizasız rejimin dayandırılmaması üçün hökumət nə edir?” sualına cavabında baş nazir bildirib ki, hökumət Avropa inteqrasiyası istiqamətində bütün öhdəlikləri yerinə yetirir:
“Biz assosiasiya sazişinin icrası, bütün islahatların həyata keçirilməsi istiqamətində fəal işləyirik. Gürcüstan bütün obyektiv göstəricilərlə – demokratiya, insan haqları, iqtisadiyyat və biznes azadlığı sahəsində – namizəd ölkələr arasında birinci yerdədir. Avropa Komissiyasının hesabatlarına baxın, bunu onlar da təsdiqləyir. Əgər Avropa pragmatik yanaşsa, Gürcüstan 2030-cu ildə Aİ-nin üzvü olacaq.”
Kobaxidze, həmçinin, vizasız rejimin yalnız yüksək vəzifəli şəxslər üçün məhdudlaşdırılması ehtimalına da münasibət bildirib:
“Bu, artıq maraqlı məsələ deyil. Biz bilirik ki, diplomatik pasport sahiblərinə qarşı belə məhdudiyyətlər tətbiq ediblər. Əgər bu qərarı genişləndirsələr belə, bizim üçün fərqi yoxdur. Biz azadlıq uğrunda mübarizə aparırıq – azadlıq üçün vuruşan insan üçün viza növbəsində dayanmaq onuncu dərəcəli məsələdir.”
Qeyd edək ki, 7 oktyabrda Avropa Parlamenti üçüncü ölkə vətəndaşları üçün vizasız rejimin dayandırılması prosesini asanlaşdıran yeni qaydaları təsdiqləyib.