“Gürcü Arzusu” partiyasının üzvü İrakli Çeişvili müxalifətin seçicilərə pul paylanması barədə iddialarına münasibət bildirib. O, məsələ ilə bağlı konkret sübutların təqdim edilmədiyini vurğulayıb.
“Müxalifət yalnız şifahi danışır. Əgər onların əlində konkret video görüntülər və ya sübutlar varsa, təqdim etsinlər və buna uyğun araşdırma aparılsın. Mən isə belə bir faktın mövcudluğunu təsdiqləyə bilmirəm, çünki belə bir fakt yoxdur”, – Çeişvili brifinqdə deyib.
O, bu açıqlamanı “Güclü Gürcüstan – Lelo” partiyasının Batumi biurosunun seçici rüşvətxorluğu ilə bağlı bəyanatına cavab olaraq verib.
Çeişvilinin sözlərinə görə, Batumidə seçki prosesi əsasən sakit şəraitdə keçir:
“Seçkilərdə bir neçə təxribat xarakterli insident istisna olmaqla, proses normal davam edir. Hazırkı məlumata görə, seçicilərin 20 faizədək hissəsi qeydiyyatdan keçib ki, bu da yüksək fəallıq deməkdir. Bildiyiniz kimi, yüksək fəallıq ‘Gürcü Arzusu’nun inandırıcı qələbəsi deməkdir”.
Deputat əlavə edib ki, Batumidə bir seçici iki dəfə səsverməyə cəhd göstərib. Birinci insidentdən sonra həmin şəxs ikinci dəfə məntəqəyə buraxılmayıb və onun müxalifət fəalı olduğu müəyyənləşdirilib.