MSK rəhbəri Qiorqi Kalandarişvili seçkiöncəsi açıqlama verib

128

Ölkəmizdə oktyabrın 4-də növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Qiorqi Kalandarişvilinin sözlərinə görə, ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi səsvermə üsulu ilə işləyəcək. Bütün məntəqələr seçiciləri qəbul etməyə tam hazırdır.

QafqazTürk media xəbər verir ki, seçkilər saat 08:00-da başlayacaq və saat 20:00-da başa çatacaq. Vətəndaşlar bu müddət ərzində 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 bələdiyyə sədrini seçəcəklər.

MSK rəhbəri bildirib ki, seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilat müşahidə edəcək, 73 media qurumundan təxminən 1000 jurnalist seçkiləri işıqlandıracaq. Qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlar arasında Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Macarıstan, Slovakiya, Monteneqro, Türkiyə və Moldova kimi ölkələrin diplomatik nümayəndəlikləri və seçki idarələrinin təmsilçiləri də yer alır.

Seçkilərdə 12 siyasi partiya iştirak edəcək. Tbilisidə mer vəzifəsinə 9 namizəd qeydə alınıb. Paytaxtla yanaşı, digər 63 bələdiyyədə 112 merliyə namizəd irəli sürülüb, onların 4-ü təşəbbüs qruplarına məxsusdur. Yerli majoritar dairələr üzrə isə ümumilikdə 2228 namizəd yarışacaq, bunlardan 32-si təşəbbüs qruplarının nümayəndələridir. Tbilisidə 160 majoritar namizəd qeydə alınıb.

Xüsusi hallar üçün cəzaçəkmə müəssisələrində 10 seçki məntəqəsi yaradılıb. Seçicilər şəxsiyyət vəsiqəsi və ya pasportla səs verə biləcəklər. Səsvermə saat 20:00-da başa çatsa da, həmin vaxt növbədə olan vətəndaşlar qeydiyyata alınaraq səsvermə hüququndan istifadə edə biləcəklər.

MSK bildirir ki, bu ilki bələdiyyə seçkiləri idarəetmə baxımından ən mürəkkəb seçkilərdəndir. Seçki administrasiyası il ərzində beynəlxalq standartlara uyğun şəffaf və peşəkar seçki prosesi üçün geniş hazırlıq aparıb. Bu seçkilər həm də Gürcüstanda ilk dəfə genişmiqyaslı elektron texnologiyaların tətbiqi ilə keçiriləcək.

Ölkə üzrə seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfərdir. Onlardan 3 milyon 130 min 348 nəfər elektron sistem vasitəsilə səs verəcək. İlk dəfə olaraq 47 minə yaxın gənc də seçkilərdə iştirak hüququ qazanıb. Daşınan seçki qutularından istifadə üçün 60 754 seçici müraciət edib.

Seçkiləri təxminən 34 min seçki inzibatçısı idarə edəcək. Seçki prosesinə dair bütün statistik və texniki məlumatlar MSK-nın rəsmi saytında dərc olunacaq və mediaya təqdim ediləcək.

MSK seçiciləri fəal olmağa, siyasi partiyaları, QHT-ləri və medianı isə seçki prosesinə sakit və azad şəraitdə töhfə verməyə çağırır. Komissiya həmçinin müşahidəçilərdən və təşkilatlardan qanunlara riayət etməyi və seçki prosesinə müdaxilə etməməyi xahiş edib.

 

Kateqoriya: Siyasət
Sonrakı yazı
Putin: 1939-cu ildə Polşanın faşist Almaniyasının ultimatumuna “yox” deməsini səhv idi – ƏTRAFLI
Öncəki yazı
Mdinaradze: Bəzi qüvvələr oktyabrın 4-də təxribatlar planlayırlar – ƏTRAFLI