Gürcüstanda yeddi QHT-nin hesabları dondurulub

91

Bu gün, avqustun 27-də məlum olub ki, yeddi qeyri-hökumət təşkilatının bank hesabları dondurulub.

Prokurorluğun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi bu qərarı təsdiqləyib. QHT-lərə qarşı irəli sürülən ittiham onların 2024-cü ilin sonunda keçirilən etiraz aksiyalarını maliyyələşdirmələri ilə bağlıdır. Sözügedən istintaq “sabotaj işi” çərçivəsində aparılır. Qeyd edək ki, mart ayında oxşar səbəblə bir sıra xeyriyyə təşkilatlarının, o cümlədən “Nanuka Fondu”nun da hesabları dondurulmuşdu.

Hesabları dondurulan təşkilatlar:

Vətəndaş Cəmiyyəti Fondu

Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət (ISFED)

İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI)

Demokratiya Müdafiəçiləri

Gürcüstanın Demokratik Təşəbbüsü (GDI)

Saphari

Sosial Ədalət Mərkəzi (keçmiş EMC)

Prokurorluğun ittihamları

Prokurorluğun açıqlamasına görə, adıçəkilən təşkilatlar etiraz aksiyalarında iştirak edən şəxslərə dəstək məqsədilə maliyyə vəsaitləri ayırıblar. Bildirilir ki, bu vəsaitdən “xüsusi qaz maskaları, qoruyucu eynəklər, tibbi maskalar, üzüörtən maskalar, bibər qazı və digər vasitələrin alınması üçün” istifadə olunub. İttihama əsasən, həmin ləvazimatlar nümayişçilər tərəfindən polisə qarşı qarşıdurmada tətbiq edilib.

Qeyd edək ki, prokurorluğun bəyanatında Korrupsiyaya qarşı Büroda aparılan paralel araşdırmadan bəhs olunmur. Halbuki həmin araşdırmada da eyni QHT-lərin adı keçir. Bu, yaxınlarda qəbul olunmuş “xarici agentlər” (FARA) haqqında qanunla bağlıdır.

QHT-lər hələlik prokurorluğun açıqlamasına rəsmi münasibət bildirməyiblər. Lakin ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, “Gürcü Arzusu” hökumətinin atdığı bu addım hakimiyyətin tənqidçi səsləri susdurmaq məqsədi daşıyır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə məktəb qarət olunub
Öncəki yazı
Avropa Şurasının ekspertləri: “Xarici agentlər haqqında qanun Avropa standartlarına uyğun deyil”