Havanın temperaturunun artması meşələrdə yanğın təhlükəsini artırır. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlara müraciət edərək meşələrdə hərəkət edərkən xüsusilə ehtiyatlı olmalarını və qüvvədə olan qadağalara riayət etmələrini tövsiyə edir.
Nazirliyin açıqlamasına əsasən, meşə ərazilərində aşağıdakı yerlərdə od qalamaq qadağandır:
Ağacların budaqlarının altı,
İynəyarpaqlı gənc meşələr,
Əvvəllər yanğın baş vermiş ərazilər (köhnə yanğın sahələri),
Zədələnmiş meşə hissələri (küləklə və ya digər səbəblərlə zədələnmiş),
Qalıq materiallarla təmizlənməmiş meşə kənarları
Meşədən çıxarılmamış ağac materiallarının olduğu sahələr
Torflu və qurumuş otlu sahələr.
Digər ərazilərdə isə yalnız əvvəlcədən hazırlanmış xüsusi ocaq yerlərində od qalamağa icazə verilir. Belə yerlərin hazırlanması dedikdə, ocağın ətrafında 1,5 metr radiusda tezalışan materialların – ot, yarpaq, saman, quru budaq və s. – təmizlənməsi nəzərdə tutulur.
Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində yanğının baş verməsi və ya yayılması, meşənin yanması və ya zərər görməsi hallarında vətəndaşlar 300–500 lari arasında cərimə edilə bilərlər. Meşədə səhlənkarlıq səbəbindən yanğın törədilməsi isə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.